GEDİBDİ

Eşidin məclisde arif olanlar,
Sərrafam, gövhərim, kanım gedibdi!
Ah çəkibən yar yoluna baḫmaqdan,
Yəqin bilin, yarı canım gedibdi!

Nazik barmaqlıdı, şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tellidi,
Şəkər söhbetlidi, şirin dillidi,
Tuti kimi ḫoş zəbanım gedibdi!

Müddətdi, gözümdən olubdu iraq,
Əridib cismimi dərdü qəm, fəraq.
Büllur buhaq, lalə yanaq, ay qabaq,
Ala gözlü Səhnəbanım gedibdi!

İş sana agahdı, qadir İlahi!
Eşq əlindən itirmişəm irahi.
Ələsgər'em, budu sözün kütahı:
Yar gedəli din-imanım gedibdi!..