YEL BABA
 
Yel baba, dağıt çəni,
Qov dumanı çöllərdən.
Apar qarı, şaxtanı,
Bu soyuğu ellərdən.
Buludları parçala,
Qoy göy üzü görünsün.
Qışı çıxart dağ başına,
Qoy quzeyə sürünsün.
Günəş daim gülsün bizə,
Camalından nur tökülsün!
Dan ulduzu işıq saçsın,
Fəcir aydın, qoy sökülsün!
Gündüz günə boyansın,
Yer altında qarışqalar,
Çöldə quşlar oyansın.
Qoy açılsın bulaqların
Buz bağlamış göz qapağı.
Şırıldasın axan sular;
Qoy ərisin buz da, qar da.
Otlar çıxsın qar altından
Hər mahalda, hər diyarda.
Yer tərləsin, buğlar qalxsın
Topa-topa bulud kimi!
Səhər mehi sığal çəksin
Arzu kimi, umud kimi!
Çöl çağırsın, düz səsləsin
Körpələri qucağına.
Qoca Nənəm kösöv qoysun
Həyətdəki ocağına.
A Yel Baba, a Yel Baba,
Qoy çağlasın su-sel, Baba!