YAZA XITAB
 
Novruz çıxıb taxtına,
Güllər düşüb baxtına.
Kosa gəlir qabağa,
Nəzər salır tabağa.
Çörəyi yoxdur Kosanın,
Xörəyi yoxdur Kosanın.
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana!
Kosa döyür gözünü,
Itiribdir özünü.
Ocaq üstə sac qalıb,
Bütün qışı ac qalıb;
Torbasını uzadır,
Hamı bilir, qaydadır.
Kosaya pay verirlər,
Kosaya hay verirlər.
Boz Keçi – Saqqal Ağa,
Kosanı çəkir sağa,
Deyir doldur torbanı,
Söndür daha sobanı.
Sonra da gəl güləşək,
Dilimizlə yer eşək.
Kosa baxır keçiyə,
Ürəyinə xof düşür, –
Tez aradan sürüşür.
Keçiyə əl edərək.
Qarı Nənə gələrək,
Deyir Qışı ötürdük!
Gedib Yazı gətirdik!
Yaza çıxdı oğlağım,
Qış gözünə barmağım...
Qarının gəlir sözü
Keçinin çox xoşuna
Dövrə vurub – Novruzun
Dolanırlar başına!