YARALI QUŞ
 
Yaralıdır könlüm quşu, yaralı,
Yaralandı yazıq şair olalı!
Bir dərinlikdə ki, hər düşən çıxmaz,
Qurtulmaq istəyir, qanad yaramaz!
Imdadına gələn ümidindən az,
Yaralıdır könlüm quşu, yaralı!
Dost ararkən ovçu çıxdı yoluna,
Əzrayıl sağına, ölüm soluna;
Vurma, ovçu, qanadına, qoluna,
Yaralıdır könlüm quşu, yaralı!
Aman ovçu, bunun halını düşün,
Gözündə yaşı var, qoy onu töksün!
Sonra amadədir ölümə hər gün,
Yaralıdır, könlüm quşu yaralı!
Kədərli bir qəlbin yanıq fəğanı,
Yandırar ürəyi daşdan olanı!
Ovçu, bu çırpınır, öldürmə bunu,
Yaralandı yazıq aşiq olalı!
Yurdundan ayrılmış, yuvadan uzaq,
Dostunun könlündən, gözündən iraq;
Ümidi sənədir, ey yaradan haq,
Yaralandı yazıq aşiq olalı!
 
5 dekabr, 1913