VOLQA ACLARINA
 
Gəlir Şimaldan bir aclıq səsi,
O bəxtsiz fəryadın yoxmu kimsəsi?
Idil boylarında yeni bir Tiran,
Minlərlə insana ağladıyor qan.
Bu qış həyatından qabarlı əllər,
Səadət yerinə əsiyor yellər...
Deyirlər çıxmayır kimsənin səsi.
Nə zəbanəsi, nə xoş nəğməsi...
Insan yox, meydanda yaşayan kölgə,
Yürüyən ölüylə dolmuşdur ölkə.
Beşiklər nəşəsiz, qucaqlar boşdur,
Biçarə annələr candan olmuşdur.
Nə döşdə süd qalmış, nə qolda qüvvət,
Oxunur hər yerdə aclığa lənət!
Haqq üçün illərcə çar nişanları,
Canan yolundakı canfəşanları
Qəhr pəncəsində eyləmiş zəbun,
Qırılmış qanadı, qolu yoxsulun!
Biçarə annələr, biçarə qızlar...
Bu müdhiş qayğıya ürəklər sızlar.
Insanlıq budurmu haqq üçün söylə,
O yanda Avropa dolmuş mey ilə?!
O yanda möhtəşəm krallar, şahlar!
Bu yanda göylərə dayanmış ahlar!
Bizim boynumuzda bir ağır pəncə,
Yaxır ruhumuzu dəhşət, işgəncə!
Bir yanda hakimdə böyük bir bolluq,
Bizim nəsibimiz aclıq, yoxsulluq!
Onlarda süzgündür sürməli gözlər,
Bizim ağzımızda qurumuş sözlər!
Hər yerdə küdurət, fəryad hər yerdə,
Qapansın istəməm, bu müdhiş pərdə...