TÜRK ORDUSUNA
Ey şanlı ölkənin şanlı ordusu,
Unutma Qafqaza girdiyin günü!
Gəlirkən qovmağa Turandan Urusu,
Ayağını Qara dəniz öpdümü?!*
Ilk atarkən əsgi bürcə addımı,
Kars qalası salam topu atdımı?
Sən yaparkən orda zəfər şənliyi,
Məğlub düşman qaşlarını çatdımı?
Çıxdığın gün Allah Əkbər Dağına
Dağıstan dağları qibtə eylədi!
Baxdım ki, sarayın viran tağına
“Sən gəlirsən, şən oluram!” söylədi!
Gəldiyin gün Kürün axar-baxarı
Əski günahlardan silkindi, çıxdı!
Eşidib Cümrüdə təkbir səsini
Araz sevincindən dünyanı yıxdı!
Gəncə, 1918
__________
* Bu parça Bakını fəth edən əsgərlərə ithaf edilmişdir.