Tuba
Ey Tuba, baxışın yıxdı aləmi,
Xumar gözün yenə qiyamət eylər,
Kəbeyi-kuyini görən kimsənə
Haşa ki, qibləyə ziyarət eylər.
Qırqı başlı, topğun, tərlan cilvəli,
Görməmişəm sən tək nazü qəmzəli,
Sərasər yaxası qızıl düyməli,
Baxdıqca üzünə fəxarət eylər.
Zahid baxsa zülfi-pərişanına,
Tərk edər məscidi, gələr yanına,
Sidqi-dildən canın qatar canına,
Huriyü qılmana məlamət eylər.
Hər kimsə ki, sənə baxarsa gendən,
Bil ki, öyrənibdir o halı məndən,
Özgə təvəqqeyim yox əsla səndən,
Xəstə Salik sənə zarafət eylər.