Tapun kim, canların cananəsidür,
Bu aşiq can anun cana nəsidür?
 
Yüzü bir şəmi-candır, aləm-əfruz,
Kim anun mehrü meh pərvanəsidür.
 
Rüxün nətində xalün baydaqınun,
Qamu şahi-cəhan fərzanəsidür.
 
Bu cümlə zülfü canun zülfü xalun,
Birisi damü, biri danəsidür.
 
Saçın məşşatəsinin dil olubdur,
Necə getsün ki, hər dəm şanəsidür.
 
Qaşın mehrabi can ikən əcəb bu,
Kim əhli-şirkin ol meyxanəsidür.
 
Saçı zəncirinün hər dəm Həbibi,
Bu əqlü canü dil divanəsidür.
 
Zülali-ləlin içün olmayaq xak,
Həvan oduna hər dəm yanəsidür.
 
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır