SƏNİN
 
Bahar-yazda qızılgüllər açılır,
Behiştə bənzəyir bu bağın sənin.
Uzaqdan eşidib səsin anladım,
Çıxıbdır hər yana sorağın sənin.
 
Oğrun-oğrun daldalardan baxarsan,
Gərdəninə həmayıllar taxarsan,
Durna kimi seyrangaha çıxarsan,
Hərdən ətir verir buxağın sənin.
 
İnnabı ləblərin şərbəti-loğman,
Gəzdir, dərdlilərə sən eylə dərman.
Bir zaman gəlmişdim mən sizə mehman,
Bəzənmiş al-yaşıl otağın sənin.
 
Siyah zülfün dal gərdənə dolaşır,
Xırda qızlar sağ-solunda boylaşır,
Gülgəz bədən ağ libasa yaraşır,
Aləmi yandırır fərağın sənin.
 
Alı deyər: gördüm dünya ləzzətin,
Bu sazın, söhbətin, xoş hekayətin,
İzzətin, şövkətin, bu mərifətin
Hər yerdə söyləyər dodağın sənin.
 
https://www.azadliq.org/a/24302758.html