ŞƏHİDLƏRƏ

 
Azərbaycandakı Osmanlı şəhidlərinə
 
Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər!
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəni tökdüyün qanlar!
Bax nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, bən də bərabər!
Sənin qanındanmı düzlərdə böylə,
Qüdrət bitirmişdir sayılmaz lalə?!
Dost elindən qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?!
Keçərkən göylərdən bir qatar durna
Ağlar buraxdığın gözləri sorma!
Bax, doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bu gün gülümsər!
Çarıqlı qardaşın, sadədil köylü,
Gəldi məzarına bir örük urdu.
Toplanıb baş-başa hər üçü, dördü,
Hər gün köylü qızlar dərdini dinlər!
 
Gəncə, 1919, 10 mayıs