SIRLAR HAZİNESİ  
 
GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMA
 
"Qalxanını at suya!" - dedi Günəş torpağa, 525
Özü də qalxanını atdı, qoydu qırağa.
Gördü can verir Günəş, cahan bir az daraldı,
Onun saralıb-solan süpərindən rəng aldı.
Qonşuları - ulduzlar yaraqsız görüb onu,
Dərhal qılınc çəkdilər vurmaq üçün boynunu.
Öküz bürcü - boynunda neçə muncuq, sədəf, zər
Yıxıldımı, üstünə xəncər çəkər Ay-Ülkər.
Əl qaldırıb, incitdi Ay öz süd nənəsini,
Gündüz zınqırovuyla gəzdi göy qübbəsini.
Qaranlıqdan qorxaraq nənə dayə əl atdı, 530
Torpaqdan fərəh dolu neçə məcun yaratdı.
Məsiha nəfəsindən şəfa saçdı Yer Aya,
Qara sevda oduna su səpdi duya-duya.
Sərin şərbət verdilər sanki təşnə xəstəyə,
Atdı qara sövdanı, Ay qalxdı yerdən göyə.
Xəstələnmiş qəmərdən boşaltdı bir ləyən qan,
Qara mürəkkəb kimi qaraldı bütün cahan.
Üzə çıxdı gecənin içindəki rəngləri,
Qəza söydü, faş etdi üzüqara kafəri.
Hər ləhzəsində cilvə, hər nəfəsində bir naz, 535
 Neçə hoqqadan çıxdı gecə - köhnə hoqqabaz.
Ayın ağ rəndi üstə qızılgüllər tulladı,
Zöhrə öz qavalından gümüş pullar tulladı.
Mən belə bir gecədə yalqızam, çırağım yox,
Nalə çəkən bülbüləm, gülüstanım, bağım yox.
Ciyərimin qanını qatdım ürək sözümə,
Ürəyimin suyundan od çilədim üzümə.
Bir az götür-qoy etdim, öz qəlbimlə qonuşdum,
Bir öyüd kitabını andım, ardınca qoşdum.
Gizli bir hatif mənə dedi: - Möhtac olanda, 540
Borcu o qədər al ki, verməyə gücün çata.
Nə üçün su səpirsən pak, təmiz atəşinə?
Yel kimi yedək atı axı nə lazım sənə?
Dərd gətirən torpağı burax, girsin tabuta,
Şölə verən atəşi bəxş et parlaq yaquta.
Ox atma ki, hədəfin öz düşüncəndir sənin,
Atın öz ayağındır, qamçını az vur, çəkin!
Yaramaz bundan artıq qəflətdə əyləşəsən,
Canında su qalıbsa, könül qapısına səp.
 
 
Farsçadan türcüme edeni Xəlil Rza Ulutürk, NİZAMİ GƏNCƏVİ SİRLƏR XƏZİNƏSİ 'LİDER"NƏŞRİYYAT" BAKI-2004 -  Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə " (Bakı, Yazıçı, 1988) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
 
https://www.anl.az/el/n/ng_x&sh.pdf
 
https://www.azadliq.org/a/24911320.html