SIRLAR HAZİNESİ
Birinci söhbət
ADƏMİN YARADILMASINA DAİR
O zamanlar ki, eşqə səcdə qılan yox idi,
Yoxluq içində varlıq səssiz bir çocuq idi.
Lakin gəldi o xoşbəxt yoxluqdan bu varlığa, 815
Bəşər darvazasını açdı bəxtiyarlığa.
Pərilərin sonuncu çocuğuydu bu bəndə,
İnsan oğullarının ilkiydi Yer üzündə!
Tanrıya bayraq dikib ilk xəlifəsi oldu,
Bayraq kimi ensə də, bir də qalxıb doğruldu.
"Adəmə ad öyrətdim, torpağını qırx günə,
Yoğurdum!" - ayə gəldi təkcə Adəm şəninə.
Gözləri gah bulaşıq, gah tərtəmiz bir aləm,
Həm qızıldı, həm sərraf, həm məhək daşı Adəm.
Göydə yaşayanların ən gözəli, ən xası, 820
Təptəzə yer əhlinin o idi tək aynası.
Canının şəkli bildi insanlıq o igidi,
Yeddi səma qolunun qızıl bilərziyidi.
Çıxdı iki beşikdən - qovuşdu cism ilə can,
İki cövhər məğzini mənimsədi ilk İnsan.
Odur zindan əhlinin mükafatı, xələti,
Ruh əhlinin saqisi, sədri, ilham qüvvəti.
Bu xilqətin siniri, səddi - onun bazarı,
Varlığında Allahın saflıq, qüdrət axarı.
O hələ süd qoxulu qırx günlük bir çocuqkən, 825
Dil açdı, dərs öyrəndi qırx yaşlı müdriklərdən.
Eşqin gözəl yazısı alnında şölələndi,
Cənnətin qucağında bir gülüstandır indi.
Uzaq görən ən parlaq gözdən çıraq aldı o,
Ən uca bir ağaca qondu, yuva saldı o.
Ondan dən alsın deyə cənnət quşların gəldi,
Şərəfi qarşısında bütün başlar əyildi.
Tamah saldı kərəmin bəxş etdiyi danəyə,
Atdı ev-eşiyini, cənnətə vida deyə.
Şükür sənə, ey Tanrı, tələdə saralır dən, 830
Dəyərdimi bu şükrə? Dən qoyulmuşdu qəsdən.
Tanrıya dualardan, diləklərdən yaranmış,
Səcdəsinə az qala cümlə cahan qapanmış.
Adəmin darvazası kimə qiblə olmadı?
Yalnız bircə divanə - İblis səcdə qılmadı.
Səkkiz cənnət bağından üstünə gül səpildi,
Bütün güllərə ləçək, iblisə dağ çəkildi.
Lakin, ey insan oğlu! Adəm gülmədi sənsiz,
Cənnətdə bir rahatlıq, inan, bilmədi sənsiz.
Cənnətdə hökm etməyə tükənmişdi dözümü, 835
Dərd çəkirdi ki, sən də görəsən Yer üzünü.
Qəlbində övlad eşqi, övlad - onun sabahı.
Bir arpaya dəyməzdi buğda yemək günahı.
Ciyərini dağladı buğdadan gələn ağrı,
Buğda dənəsi kimi iki bölündü bağrı.
Farsçadan türcüme edeni Xəlil Rza Ulutürk, NİZAMİ GƏNCƏVİ SİRLƏR XƏZİNƏSİ 'LİDER"NƏŞRİYYAT" BAKI-2004 - Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə " (Bakı, Yazıçı, 1988) kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
https://www.anl.az/el/n/ng_x&sh.pdf
https://www.azadliq.org/a/24911320.html