ŞAIRƏ SATAŞDINSA
 
Eşitdim, dəyibdir külüngün daşa,
Balçılı qatırı çullayan qardaş!
Yedirib pulları yara-yoldaşa,
Bizə töhmət yazıb yollayan qardaş!
Dedim: fəlsəfəyə gəl vermə ürək,
Qalmayacaq bir gün damında dirək.
Indi axşam-sabah əlində kürək
At-eşşəyə zibil tullayan qardaş!
Korruq çəkdinmi ki, puldan-paradan,
Səs verdin axırda karvansaradan.
Yığdığını verib bir az sonradan,
Hücrədə burnunu sallayan qardaş!
Nə oldu əvvəlki o zərbü-şəstə?!
Başında saxlardı səni hər rəstə.
Gör axırda harda oturdun bəstə,
Kimlərdir gününü gülləyən, qardaş?!
Əvvəldən olmuşdun anbar müdiri,
Eylədin tərəqqi, sən kiri, kiri.
Təəccüb eylərəm: qalıbsan diri,
Sefullaya camış nallayan qardaş!
Axşam gec gəl evə, obaşdan da get,
Nə deyir bu işə şaqalad Məmməd?!
Get Zülfüqara bir ərzi-niyaz et,
Odur səni əvvəl ballayan, qardaş!..
Dəzgahın üstündə qucub dizini,
Bax, Iskəndərbəyə satır bezini.
Tapmışdır o kişi həqqin izini,
Çöllünün kökünü kollayan qardaş!
Sataşdın şairə, yıxıldı damın,
Bəyənmədin bizi, qırıldı camın.
Tuf olsun zatına belə adamın.
Ki, olmuş gönünü zollayan qardaş!