QUŞLARA
 
Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,
Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?
Siz də bəlkə insan kimi buraxdınız yuvalarda,
O gül üzlü balanızı... Yoxsa nə var havalarda?
Aman, quşlar, mən yanıldım, sizdə ürək nur parçası,
Bizdə murdar yığınır, o məhəbbətin Kərbəlası!
Sizdə heç bir baba yapmaz belə müdhiş cinayəti,
Bizim kimi sizdə yoxdur anaların xəyanəti.
Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin,
Siz kimsədən inciməyin, kimsə sizdən inciməsin!
Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində?
Ruhum aydın bir iz arar bu qaranlıq çöl içində.
Varsa sizdə artıq qanad, Allah üçün, verin mana,
Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha!
Heç olmasa, onu alın – çox yazıqdır – yanınıza,
Nazlı quşlar, sığınmışam adınıza, şanınıza!
 
5 fevral, 1914