QOCALIQDA YORĞALIQ
 
Gözüm aydın, qələm düşüb əlinə,
Həcv də yazırsan, mızmızı dostum!
Yerdə qanovları görə bilmirsən,
Sayırsan göylərdə ulduzu, dostum!
Yazdıq hökumətə, verdik ərzi-hal,
Kar, kor, lal var, dedik, əskikdir motal.
Bu günlər Gəncədən talağını al,
Bəlkə gətirdilər həm sizi, dostum.
Gəl əyri oturaq, düzgün danışaq,
Bu sınmış ayaqla necə qoşaşaq?!
Bizə nə tab eylər hər yetən uşaq?!
Meydana çağırma gəl bizi, dostum!
Bizdə qafiyə var: qılıncdan iti!
Qayçıyam: cıraram hurivəş çiti!
Sənə hardan çatdı şair bileti,
Görməmiş qafiyə, vız-vızı, dostum!
Yazırsan: əcdadın olmuşdur hacı...
Nə çıxsın, ay yazıq, kirdarın acı?
Mərd tutmaz əyyaşı, yalan leylacı,
Nanədən ayırmaz yarpızı, dostum!
Geysən də əyninə ipəkdən qəba,
Heç şişmə boş yerə, qabasan, qaba!
Neyləyəcək bir də rəhmətlik baba,
Babanın qalmışmı bir izi, dostum?!
O rəhmətliklər qoyub getmişlər səni,
Biz olub sancırsan gəlib-keçəni.
Heç xeyir tapmazsan, dindirmə məni,
Salarsan başına sal buzu, dostum!
Ayıbdır, yeyirsən çoxdan duz-çörək,
Tökərəm burnundan, qıraq dur görək!
Dayanmaz pəncəmdə – sümüyün kövrək,
Incitmə arvadı, baldızı, dostum!
Yəqin bil, ay hərif, oğlanam, oğlan,
Sən yüyür imana, sandığa bağlan.
Yay günü qaloş gey, qış günü buğlan,
Biz hələ görərik pəhrizi, dostum!
Yanımdan yavaş keç, deyiləm tayın,
Girməz qulağıma harayın-hayın!
Mən neyləyim: sənin qırıqdır yayın,
Saxlaya bilmədin bir qızı, dostum!
Mənə neyləyəcək quru vəlvələ?!
Barıtın qurtarmış, soğulmuş lülə...
Indi sənin yerin məsciddi, lələ,
Gedib hücrələrdə bük dizi, dostum!
Kişimi sayıldın, ay Məhəmmədxan?!
Görürsən yuxunda hər gecə xoxan.
Vəfasız bir dosta varmıdır baxan?
Ipəyə tay tutma sən bezi dostum.
Tərlanam, uçmuşam qarlı dağlardan,
Məxmər yamaclardan, güllü bağlardan.
Utan yedirtdiyim kərə yağlardan,
Tutar səni, vardır gec-tezi, dostum!
Qəlbim, ürəyim də əmin ol safdır,
Neyləyim ki, fələk çox biinsafdır.
Sənin ki, türklüyün bir quru lafdır,
Çağırma heç türkü, qırğızı, dostum!
Ayğır olub indi dünənki daylar,
Adətdir, mürtədlər cənnət haraylar.
Təmizləməz səni dəryalar, çaylar,
Gəncənin gur axan kəhrizi, dostum!
Dostluüun yazdığın kağızdan bəlli,
Öyləmi verərlər dosta təsəlli?!
Dəyişmişdir tamam ayaqlı-əlli,
Sənin hər bir şeyin Təbrizi, dostum!
Heç şişmə, tanıyır səni arvad da,
Hansı qoçaqlığın qalmışdır yadda?
Igid idin ancaq Kərimabadda,
Gəzərdin-gözlərin qırmızı, dostum!
Mən gəldim, Gəncədə meydanın xali,
Təngə gəlmiş səndən bütün əhali.
Bari yaxşı saxla əhli-əyali,
Şənləndir bir evi, dəhlizi, dostum.
Bayanlı qız səni salınca bəndə,
Boyadın bığları, düşdün kəməndə.
Axsaya-axsaya gedirsən kəndə,
Sənin eşqin keçib saqqızı, dostum!
Ona neylədin ki, böylə tutaşdı?
Zülfüqar da sənə yaxşı sataşdı.
Deyir, hüzurunda itlər çataşdı,
Keçən mart ayının səkkizi, dostum!
Deyir, iş düzəldir, arvad alırsan,
Həm qazanır, həm də dərdə qalırsan.
Turan oğlunu da tora salırsan,
Kəsdirirsən çilə qarpızı, dostum!
Tərlan ovçu göydə didər turacı,
Kefin qalxmaz sənin, ay ibn hacı!
Ciblərin boş, ayaq topal, dil acı,
Ovçuluğun səndə yox izi, dostum!
 
Gəncə, 1935, 10 may