QAROVUL
 

Dumanlar dağların üstündə bir yük,
Dağların bu dərdi özündən böyük.
Havalar qat tutub, gecə darısqal,
Belə bir səhnəni xatirinə sal.
Bu sıx qaranlıqda keşikçilər var,
Körpünün altını kəsib Bəxtiyar.
Qarşısında nəhr, arxasında yol,
Yanında on nəfər igid komsomol,
Qaçaqlar bu kəndə dolmasın deyə,
Bir də qılınc-qırğın olmasın deyə.
Ayaq üstündədir axşamdan bəri,
Süzülür yuxulu, yorğun gözləri.
Çalpapaq Kərəm də gəlib arabir
 
Onların üstünə özü baş çəkir.
Bu qoca kommunist, bu kənd rəhbəri
Bəxtiyarla tanış olandan bəri
Artır məhəbbəti ona günbəgün,
Onunla başqadır rəftarı bütün.
Bəxtiyar tüfəngə söykənib durur,
Gözlərində həyat, alnında qürur.
Azca xışıldasa ağacda yarpaq
Yerindən quş kimi cəld sıçrayaraq,
Hazırdır... Yanında uzanıb daşa,
Yatıb fısıldayır yenə Mirpaşa.
 yeyib, içib,
Dünyadan keçib...
İnan ki, növbədə dayanıb naçar...
Bu daş parçasına gülür Bəxtiyar.
Və sonra Mirpaşa səksənsin deyə,
Havayı bir güllə buraxır göyə.
Azca qımıldanır onun bədəni.
Bəxtiyar deyinir: -
Öləsən səni!
 
 
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ,  BEŞ CİLDDƏ  III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
 Milli Kitabxana