Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər,
Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
 
Ləli-canbəxşin əgərçi mürdə cismə can verir,
Çeşmi-bimarın, nigara, canları rəncur edar.
 
Kilki-qüdrət alnına çün fəzli-bismillah yazar,
Yəni rəhman surətin şeytanı gözdən dur edər.
 
Eyni-fəttanınla qaşın, zülfin, ey məhru sənəm,
Neçə izzət əhlini pamal edübən xar edər.
 
Cəm degil, xeyli-xəyalın yıxsa, ey şəh, can evin,
Çünki hüsnün gənci-eşqünlə anı məmur edər.
 
Ruxlərin şəminə can pərvaz edüb pərvanəvəş,
Yandığınca saçların ol miskini məhcur edər.
 
Münşiyi-qüdrət yazar çün dəftərinin surətin,
Xətti-tövqiünü ol dəm riqəyi-mənşur edər.
 
Hüsnünün təqvimini çün bağlar əhsən vəchilə,
Xəttü xalinin rüqumi əbcədin məstur edər.
 
Həqşini pərgarinin nəqqaşi-surət yazacaq,
Abu rəngin rəsm içində büt kibi məstur edər.
 
Ləlü lölönün Həbibi nəzm edəcək mədhini,
Eşidən der bu Məsihadir ki, nəfhi-sur edər.
 
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır