PAMBIQ DASTANI
 

 
Sonra ötdüm Buxaraya
Bir nəfəs aldım;
Orda büründüm xaraya,
Qəznədə qaldım.
Hər ölkədə bir adım var:
Özbəkcə “paxta”.
Sonra qırğızlar, kazaklar
Çağırdı “maxta”.
Qədim zaman dolaşarkən
Maçin elində;
Adlanıldı “hoamien”
Çinli dilində.
Türküstanı addım-addım
Tutdum bəyaza.
Xarəzmə get, orda adım
“Amerkan qoza”.
Bilməm, kimlər nə söyləmiş
Tarixdə alman cəngavər, çarpan.
Görüb məni bəhs eləmiş
“Ağac yunu”ndan*
.
Camalımın divanəsi
Yaponlar hətta.
Məst edərəm hər bir kəsi
Adım da “vatta”.
Bir sorun ingilisdən
Nə sözdür “qofton”?
Bir səs gəlir hər dənizdən
Min bir çeşid ton.
Burda mənim gözəllərdən
Bir rəqibim yox.
Yanlış olmaz əgər desək
Rusca “xlopok”.
 
__________
*Almanca pambığa Die Baunbolla deyirlər. Ağac yunu mənasındadır.
 
Bir sasani şah məndən
Bilməm nə gördü?
Sözlərimi dinləmədən,
Qafqaza sürdü.
Qarşıladı Araz məni
Söhbətlə, sazla.
Mən Muğanda ondan bəri
Sallandım nazla.
Kürün ilıq qucağında
Yaslandım yerə.
Bu yurdun hər bucağında
Çəkildim dövrə.
Bəlkə əslim amerikalı,
Əndamım süddən;
Yaxud nəslim afrikalı,
Gəlmişəm hinddən.
Hər bir zaman əməkçilər
Çəkdi cəfamı;
Qədimlərdə veyl gəzənlər
Sürdü səfamı.
Lakin əsl yurdum mənim
Muğanla, Mildir.
Muğansız ki, mənim günüm
Bir gün deyildir.
Indi artıq bu çöllərə
Həvəslə girdim.
Qədir bilən bu ellərə
Varımı verdim.
Oylağımdır
Qarabağın çölləri!
Yaylağımdır
Qarayazı elləri!
Qaraoğlanda
Ağca günlər görmüşəm!
Mil çölündə
Çox səfalar sürmüşəm!
Sərin göllər,
Dərin çaylar keçmişəm.
Bulaqların
Gur suyundan içmişəm.
Mənim üçün
Kür baş vurur hər yerə,
Araz Məcnun olub
Düşüb çöllərə.
Dağlardakı
Coşqun sellər mənimdir,
Aranlarda
Çaylar, göllər mənimdir!
Günəş mənim,
Bahar mənim, yaz mənim;
Məclis mənim,
Söhbət mənim, saz mənim!
Dərman mənəm, dərd mənəm,
Şəhər mənəm, kənd mənəm.
Gəlinlərin adı var,
Toylarda şərbət mənəm.
Yoxsulun yoldaşıyam,
Rəncbərin sirdaşıyam;
Əməkçi xalq üçün mən
Bəzəklərin başıyam.
Mən bəzərəm yazları,
Çoxaldaram azları;
Aşıqlara ruh verib
Çaldıraram sazları.
Əkinçilər yarıyam,
Igidlər sərdarıyam;
Qızılın adı çıxmış,
Mən ondan yuxarıyam.
Naz satıram gümüşə,
O çaşmışdır bu işə;
Bir deyən yox, zavallı,
Nə düşürsən təşvişə?
Bir az əqli var isə,
Deyin çəkilsin misə.
Mən üzümü ağartdım,
Haqsızdır bir şey desə.
Dünən gördüm ipəyi,
Yerdən gedir ətəyi.
Onun fikri-zikri pul,
Mən güdmədim qəpiyi.
Görürsən bu kətəni,
Dəng eləyib yetəni.
Bizə tay olacaqmış
Bu çöllərin çətəni.
Fikirləşdim mən özüm,
Buna yoxdur bir sözüm.
Ancaq haqqa qalanda,
Ondan da toxdur gözüm.
Nə vurhavur, nə busat,
Gəlin buna içim and:
Geniş meydana çıxsam
Bir şey deyil brilyant.
Yığılsın yaqut, sədəf,
Düzülüb gəlsin səf-səf.
Kimin incisi çoxdur
Ona çalın zurna, dəf.
Hər kəsdə, hər yerdə mən,
Dərmanam çox dərdə mən,
Hər qurultay oldumu
Əyləşirəm dördə mən.
Yoxsulun yoldaşıyam,
Rəncbərin sirdaşıyam.
Əməkçi xalq üçün mən
Bəzəklərin başıyam!
De dərdini yazana,
Bu yollarda gəzənə.
Açıqdır mərmər sinəm,
Oğul istər qazana!
Adım pambıq, üzüm ağ,
Yay günündə canım sağ.
Indi dövran mənimdir,
Bəxtim ötgün, kefim çağ!
 
Aprel, 1931