OYAN
Dinlə, bir səs söylər sana,
O “səs” sənin öz vicdanın.
Deyir: “Ey sən batmış yasa!”
Gəlir yenə bəyin, xanın;
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Oxutma ölüm fərmanın,
Ver yolunda gözəl canın.
Göyərçinlər xəbər söylər –
Gəlir təxti-Süleymanın.
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Oldun yadlar oyuncağı,
Yurdun arsızlar ocağı.
Tapınma azğın şeytana,
Yüksəldi “birlik” sancağı!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Səs yox sizin yapılarda.
Yol azmış gözlərin harda?!
Uzaq yoldan yarın gəlir,
Qurbanın yox qapılarda.
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Kim demiş: cansız daş ol!
Azğınlara gəl yoldaş ol!
Yadlaşan qardaşın gəlir,
Yenidən and iç, qardaş ol!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Bir qız gəlir sevinci var,
Qızın boynunda inci var.
Yoxsa, sevən bizim yurdun,
Bir dəlisi, ya dinci var?!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
1916, 5 dekabr