OLSUN QOY
 
Həyata gəldiyim andan bəlaya çarpıldım,
Alışdı qəmlərə könlüm, o yarım olsun qoy!
Sənin ki, eşqinə ruhum pərəstiş eylərdi,
Fəqət dedin dəli ruhun şikarım olsun qoy!
Vəfalısan dedim, eşqin könlümdə bərkitdim,
Könül, yürək nə var aldın da, məhv olub bitdim.
Səninçün hər şeyi, həp kainatı tərk etdim,
Bu göz yaşında fəqət ixtiyarım olsun qoy!
Yalançı bir görnüş ay, günəş, bu yıldızlar,
Yalançı həp bu baxışlar, bu nazənin gözlər.
Yalan şu eşq, şu sevda, şu atəşin sözlər,
Bu sonda bari həqiqət şüarım olsun qoy!
Neçün bu cür mənə, Tanrım, bəlalı gün verdin,
Şu nazlı afətə vurğun cahana göndərdin?
Bu bahar eşqimi, yavrum, xəzanə döndərdin,
Bu dərdli günlərim, artıq baharım olsun qoy!
Nigari-xilqətə sordum: nədir bu mənalar?
Bu eşq, nalə, bu hicran, bu dadlı xülyalar?
Nədir həyata gülən bu dərin müəmmalar?
Götür bu pərdeyi bir aşikarım olsun qoy!
Dedi həyat özü ayrılıq, kədər, bir qəm,
Nə çarpıyorsa, həpsi bir yığın matəm.
Bu göz yaşında boğulmaqsa taleyi-aləm,
Mənim də göz yaşım hicran məzarım olsun qoy!
Bəşər həyata tapınmış, o bir yığın topraq,
Vücudi, varlığı yüz min bəlaya oynaq!
Bu gün varsa da, yarın kim bilir nələr olacaq?
Fəqət bu bir neçə söz yadigarım olsun qoy!