OF, BU YOL
 

Bənim yolum yalançı
Girdablarla dolmuşdur.
Yıxılmamaq bu yolda
Bana haram olmuşdur.
Iman etmək güc olmuş,
Bir doğruya, yalana.
Hər kəs əngəl oluyor
Bir imanda qalana!
Hər gün yeni bir ümid,
Hər gün yeni bir xəbər;
Ancaq dünya əsgidi,
Haqq və doğru nə gəzər?!
Insaniyyət, o bir kitab –
Hər oxuyan yalançı.
Güc, bir həyat meydanıdır –
Hər bir güclü talançı!
Yazıq bir çox məhkumlar
Hər bir sözə inanmış!
Sonra baxmış, qızaran
Şəfəq deyil, qan imiş!
Göy üzünün şimşəyi,
Yıldırımı, yağmuru
Soyutmadı, bu insan
Qanı içən dəmiri!
Ey Allahım yanıltdın
Hər bir doğru addımı,
Yoxsa, yoxsul dünyadan.
Ədalətin qalxdımı?
Ey dinlinin, dinsizin
Inandığı son qüvvət!
Qalmadımı səndə də
Insanlara mərhəmət!
Bən ki bilmək istərdim,
Kimlər ağlar, kim gülər?
Onunçündür etmişdir
Fələk bəni dərbədər!
Ariyorkən təsəlli
Baxdım mavi göylərə!
Bulamadım bir nöqtə,
Çıxamadım bir yerə.
Bən söylədim dərdimi,
Tazə yaşıl yaprağa!
Daha dərdim bitmədən
O sərildi toprağa!
Nə yoxsuldur təbiət,
Ömrü nə az çiçəyin?!.
Yazıq bağban sana ki,
Boşa çıxdı əməyin!..
Bezdim artıq qəhr olsun,
Murdarlaşdı bu əsr!
Yaxşı günlər keçiyor,
Tövbə ölüm gətirir!..