GÖRMƏDİM
Bivəfanın, müḫənnəsin, nakəsin,
Doğru sözün, düz ilgarın görmədim.
Namərdin dünyada çoḫ çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Yetəni özümə mən dost eylədim,
Yolunda canıma çoḫ qəsd eylədim.
Söyüddən bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Nəfs aldatdı, gədalara ḫan dedim,
Bihudə kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya "can" dedim,
Zəhmətin çoḫ çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yetmədim gözəlin əsli-soyuna.
Aşıq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıḫmasın qələt,
Şahiddə iman yoḫ, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.