MƏSCIDDƏ MEYXANA
 
Eşitdim, tapıbsan bir gözəl peşə,
Təbrik eyləyirəm səni, can qardaş!
Deyirlər, giribsən bir yağlı işə,
Qoyubsan papağı indi yan, qardaş!
Qardaşım Əhmədxan, Əlxan ibni xan!
Eşitdim: Gəncədə açıbsan dükan.
Hayıf zəhmətinə, yoxdurmu zəkan:
Çaxır satarmı heç böylə xan, qardaş?!
Çaxır paylamaqda dəliyə, dincə,
Onun xanı baxmaz zəhmətə, məncə.
Gör nə hala gəlib bəxtəvər Gəncə,
Görünür hər yerdə hey piyan, qardaş!
Kifayət etməyir məsciddə klub,
Ağzından-içinə meyxana dolub.
Bax, bu günkü gündə biz bidin olub,
Içməkdə çıxartdıq “şərəf-şan”, qardaş!
... Heyif ki, saqqala dən düşən vaxtda
Fələk gec çıxartdı səni bu taxta.
Indi çoxalmışdır sərin otaqda
Ömrünə dualar oxuyan, qardaş!
Göndər dostlarına, bir az da su qat!
Çarəsi qolaydır: azaldı sovqat.
Hilal Mamedovla Əliyev Fərhad,
Görmədilər bunda bir ziyan, qardaş!
Xislətin demokrat, özün xanzadə,
Demokratı keçdin həddən ziyadə.
Mənim sözlərimi saldıqca yada,
Bir az ehtiyatla gəl dolan, qardaş!
 
Qoytul, 1926 iyul