Mən ki, ləlin can yerində görmüşəm,
Dərdini dərman yerində görmüşəm.
 
Tiri-qəmzən zəxmini candan rəvan
Mərdüm axar qan yerində görmüşəm.
 
Xaneyi-gözdə xəyalın kölgəsin,
Şükr kim, mehman yerində görmüşəm.
 
Gün yüzündə küfri-zülfin, ey sənəm,
Mən yəqin iman yerində görmüşəm.
 
Müshəfi-hüsnündə xəttü xalını
Hərfbəhərf Quran yerində görmüşəm.
 
Qaşların yayinə kim eyd ayıdır,
Canları qurban yerində görmüşəm.
 
Hər nə cövr etsən, Həbibi, lütf ilə,
Hüsni-xülq ehsan yerində görmüşəm.
 
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır