MASABƏYININ NITQI
ZARAFATYANA

 
Şadlıq məclisləri tamam xeyirdi,
Hikmətdir, arzudur, sözdür, şeirdir.
Məclis dilə gəlib sanki deyirdi,
Məclisə – gülməyə qaçasan gərək!
Gülən göz görürsən hara baxırsan,
Çay kimi o səmtə sən də axırsan.
Özgə fərəhinə şərik çıxırsan,
Sevincə qoşulub uçasan gərək!
Şadlanmaq, oynamaq ustalıq istər!
Hünərin varsa da, utanma, göstər!
Sevinməyə bilməz istəyən kəslər,
Günəştək al şəfəq saçasan gərək!
Bir xeyri yoxdursa, yemək nə lazım?
Həmişə “ye” demək – xörək nə lazım?
Xörək xörəkdirsə, demək nə lazım?
Uzaqdan görəndə acasan gərək!
Qəmdə də gəl qəmə dikmə gözünü,
Yaxına buraxma, saxla özünü!
Nəinki sevinci, sevinc sözünü
Bağrına basasan, qucasan gərək!
Göz yolda qalmadı, qulaq da səsdə,
Yığılıb başına dost dəstə-dəstə!
Hamı sənə baxır, məclis arəstə,
Qaydadır, məclisi açasan gərək!