MARAQLI BİR HADİSƏ
Heyrət içindədir komsomolçular,
Deyirlər maraqlı bir hadisə var:
Mirpaşa məscidə bağlamış köpək.
Kəndlilər qızışıb qeyzlənərək –
Qarılar, qocalar qiyamət edir,
Kəndin arasında danışıq gedir.
Vicdan götürməyir bu haqsızlığı,
İştə Mirpaşanın əxlaqsızlığı
Dillərdə söylənir cinayət kimi,
Söylənir Allaha xəyanət kimi.
Toylarda, yaslarda, ağlaşmalarda,
Əgər kimin qüvvəti qalırsa darda,
Hər kimin taxılı susuz yanırsa,
Kimin qonşusuna həsədi varsa,
Deyir: "Bu kafirlər üzə gələli
Bizdən uzaqlaşdı Allahın əli".
Bu qara fürsəti fövtə verməyən,
Ömrrındə doğruluq, düzlük görməyən
Axund Şirəlinin uzanmış dili...
Cibindən çıxarır islaq məndili1
,
"Ağlayır" məscidin minarəsində;
Onun qulaqları "oxşar" səsində
İnsanlar yaralı bir ahəng duyur,
Könül duyduğuna bilmədən uyur...
Budur, bir varlının ehsan yerində
Axund pişik kimi atılıb yenə
Ayələr gətirir "böyük" Qurandan,
Söyləyir: - İyrənin ölümdən, qandan.
Tanrı unudulur, din gedir əldən –
Dedikcə ağlaşma səsləri hərdən
Onun səsindəki qüvvəti alır.
Çəkir nərəsini o agır-ağır...
SƏMƏD VURĞUN, SEÇİLMİŞ ƏSƏRLƏRİ, BEŞ CİLDDƏ III. CİLD "ŞƏRQ-QƏRB" BAKI-2005
Milli Kitabxana