KUROPATKINƏ
Kimdir bizim minarədə əzanları susduranlar?
“Doğru yola sapma!” deyib qanlı irin qusduranlar?
Kimlər böylə qara pərdə çəkdi bizim bu minbərə?
“Qari!” deyə xitab etdi Türküstanda yigitlərə?
Təkmələyib Türküstanın əgilməyən başlarını?
Kimlər çaldı babaların əski məzar daşlarını?
Kimdir qəzetlə, kərpiçlə muzeyləri dolduranlar?
Kəndimizi heyvan sanıb, yurdumuza od vuranlar?
Hansı qanun əllərilə, hansı yasa, hansı yazı?
Söyüdlərin yerlərinə dikti Sibir akasıyası!
Heç bir tarix göstərməzkən türkün xain olduüunu,
Kimdir çalan türk ərzini, türk elinin var-yoxunu?
Sənin kimi kölgəsindən qorxanlar,
Sənin kimi düşünənlər, duyanlar!
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!..
“Din” söylədik, Quranların təbdilinə yeltəndiniz,
“Dil” söylədik, fikrimizə məzar oldu Qara dəniz.
Zəngin idik, qurd oldunuz, yurdumuza saldırdınız,
Gözəllərin köksündəki altunları çaldırdınız!
Adlarını dəyişdirib məmləkətin, ilin, ayın,
Siz “şapqasız” sadə türkü məktəblərə buraxmayın,
Xor baxaraq əcdadının adətini sevənlərə,
Zəhər verin can yerinə, sizə “can” söyləyənlərə;
Elinizdən rahib olub itiqafə çıxanlara,
Söyləyin ki: başqa şeylər düşünürsən, haydı ora!
Sonra bizi Avropada vəhşi deyə yazın, pozun,
Bunun doğru olduğuna inandınmı sənin özün?
Sənin kimi bir çox miras yedilər,
Bizi daha nələr... nələr etdilər;
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!
Bu ellərin toprağına, daşına
Çökən, ölmüş yigidlərin yasıdır!
Duman deyil, bu dağların başına
Qonan, məzlumların ahı, vayıdır.
Vətən xarab oldu, siz onda bayquş,
Of, bənim gözəlim kimlərə uymuş?
Sibiryada qazmaların guşəsi
Məzlumların kəmikiylə doludur!
Sənin kimi “əskiklərin” peşəsi,
Getdiyi yol azğınların yoludur!
Xoş hər vaxt gecə getməz, dan atar,
Bilməzmiydin səni bir gün qan tutar?
Söyləyiniz, hansı yurdun balası,
Əlinizdən ölüm canmı içmədi?
Göstəriniz hansı mülkün havası,
Sizin üçün saflığından keçmədi?
Sənin yavrun beşigində gülümsər,
Ərənlər yurdunda ancaq yel əsər.
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!
Bir katolik kilsəsi qədər lal,
Türküstanın cəlladına nifrətim.
Sənin kimi azğınlara bir məlal
Gəlməzmi heç? Bən o günə həsrətim!
Türküstandan başqa bir çox yerlər var!
Sizə lənət edir, darğın obalar!
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!
Dərdə düşmüş insan oğlu yolunda,
Ey hürriyyət, dərman sənin əlində!
Asılmaya məhkum olan qardaşı,
Qurtaracaq fərman sənin əlində!
Yad ellərdə yurək ver haqq qoluna,
Günəşlər saç zavallının yoluna!
Çakva, 1917, 20 mart