IŞÇI
 
Dəmirdən qolların, daşdan duruşun,
Boğulmuş rənginlə, çəkic uruşun;
Boğunuq səsində canlanan vüqar,
Vüqarla gəziyor diyarbədiyar.
On beş il oldu, görənlər bilir,
Köhnə dünya bir gün yalanlar qusdu.
Milyonlarca xalqın susdu vicdanı,
Əyrilər hayqırdı, doğrular susdu!
Ucaldı cəlladın əmrü-fərmanı,
Kəsilən başların töküldü qanı.
Dəyişdi hər şeyin əski mənası,
Qasırğalar çökdü, yıldırım çaxdı!
Çoxaldı dünyanın matəmi, yası,
Tanrılar dünyaya yenidən baxdı!
Döndü dumanlara yüksələn ahlar,
Eşqin matəmini dutdu günahkar!
Çoxdan çiçək görüb gülməyən çöllər,
Buzlu, qarlı çöllər bitirdi lalə!
Uğursuz bir qüvvət çöküb hər yerə,
Əlində bir suslu, qanlı piyalə!
Dərman zənn eyləyib düşdüyü dərdə,
Sevənlər də içdi, sevməyənlər də!
Varlının gəliri, xalqın ziyanı,
Birləşib ikisi – bir oldu adı!
Milyon insanların qusduğu qanı,
Beş-altı sərsəri içib doymadı!
Yıldırımlı bir səs, bir sıcaq nəfəs,
Söylədi dünyaya: “Daha bəsdir, bəs!..”
Bəşər dərdlərinin dərmanı birdir,
Doğru bir yol ancaq gələcəkdədir!..
“Maarif və mədəniyyət”,