HƏCV
 
Özləri məhrumkən feyzi-ədəbdən,
Günahı bizlərdə görənlərə bax!
Parlayıb bir zaman, düşdülər dəbdən,
Bazara yeni mal verənlərə bax!
Hələ biri vardır, “kişidir, kişi”,
Bərəldib gözünü, ağardıb dişi.
Yaxşıca tapılıb peşəsi, işi –
Bizim arxamızca hürənlərə bax!
Deyir yazdığınız, bu “nə həyatdır?”
Çömçəyə əl tutan, qoldur, qanaddır.
Dediyi kiflənmiş, fikri boyatdır,
Özünü irəli sürənlərə bax!
Dün biri haykırdı, çaldığım sazdır,
Xəzanım bulunmaz, günlərim yazdır.
Baxdım rəngi solğun, ruhu da azdır,
Dost-yad arasına girənlərə bax!
Deyir uçurursan “bizim dövləti”,
Bu böyük binanı, bu səltənəti.
Dolayıb əlinə bütün milləti
Xalqına yun corab hörənlərə bax!
Deyir talayıbsız bizim elləri,
Bomboş qoymusunuz böyük çölləri.
Metrdən uzundur – uzun dilləri,
Bağ, bostan becərib dərənlərə bax!
Arpasın bölənməz iki ulağın,
Qapı dalındadır uzun qulağı.
Daldada gizlənib, danos yazmağı,
Üzdə sinəsinə vuranlara bax!
Sağdan da, soldan da yüksəlir səslər,
Doğma qardaşına nifrinlər bəslər.
Cavidi, Cavadı sevməyən kəslər, –
Onların yerində duranlara bax!
Yazıb-pozduğunuz nədir sözünüz!
Bu bizim üzümüz, sizin üzünüz!
Gəlib nə yapdınız, deyin özünüz?
Sənət keşiyində duranlara bax!
Biz aydan arıyıq, sudan duruyuq!
Günəşin zərrəsi, haqqın nuruyuq!
Ona-buna baxıb, bulayıb quyruq,
Bizdən haqqı-hesab soranlara Bax!
Sənət keşiyində duranlara Bax!!.
 
Bakı, 1929