HARALISAN
 
Nerəlisən, cənnətdirmi məkanın?
Mələkmisən, nə dadlıdır lisanın?
Bən Tanrımın baxımı ilə əzəldən,
Bir badə içmişəm, bir gözəl əldən!
Ən ruhani nəşələrdən qanadım,
Çıxdım, səni buludlarda aradım!
Yıldızlardan sordum: – “Aydır!” – dedilər,
Aya getdim, o da sənsiz mükəddər.
“Sənsiz” gördüm, mələklərə darıldım,
Endim yerə, qələmimə sarıldım!
Yazdım... yazdım, fəqət gəlməz bizim yaz,
Heç bir şeir baxdım, sənsiz şən olmaz!
Heç “yazmayım” dedim, istəyim söndü,
Qələm sükut etdi, könül düşündü...
Bir səs duydum, qələm əldən düşüncə,
– Həp bənimçün vursun qəlbin ölüncə!..
... Bayılmışdım... durdum, gördüm ki, həp sən,
Sən imişsən, bana badə içirtən!..
Nerdə idin, cənnətmidir məkanın?!
Mələkmisən, nə dadlıdır lisanın?!
 
1916, Batum, 25 yanvar