H-C
 
Ey axund, ey pişivayi-əhli-iman, bir utan!
Əllərindən dad edir ehkami-Quran, bir utan!
Hansı dinin əhlisən sən, yolmudur göstərdiyin?
Ümməti məhv eyləyəndə varmı iman, bir utan?
Hansı “Quran”dır sənə öyrətdi şeytan sirrini?
Işlərinçin qaldı şeytanlar da heyran, bir utan?!
Zati-napakında, yahu, hissi-rəhman yoxmudur?
Saymadın Allahı, ey Allaha düşman, bir utan!
Saldırıb sən ac köpəklər tək qan içməkdən bütün
Əllərin qan, dişlərin qan, surətin qan, bir utan!
Geydiyin əmmamə ağ, amma yazıq, qəlbin qara,
Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan?!
Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir,
Bax, onun ənqazidir bu ahu əfqan, bir utan!
Çox uzaqlaşdın həqiqətdən, dur, Allah eşqinə,
Ey həqiqət qatilə, ey canlı peykan, bir utan!
Toqi-lənətdən nişanın var, çalış – əz, parçala,
Başqa bir şöhrət qazanmaqçın yox imkan, bir utan!
Milləti sərməst edən sözlər – o pək müdhiş şərab, –
Həp sənindir, dəhşətindən xamə lərzan, bir utan!
 
16 aprel, 1913