GÜLŞƏNİ-RAZ 'DAN 13. Sual’e kadar
Qayda: Əxlaq prinsipləri
Yaxşı əxlaq üsuludur ədalət,
Sonra hikmət, iffət, bir də şücaət
Düz əməlli, düz sözlü həkim gərək,
Dörd sifətə malik hər bir kim gərək.
Canla ürək hikmətdən agah olar,
Nə hiyləgər, nə də ki səfeh olar.
İffətlə şəhvəti örtüb qapamaq,
Hərislik, sönüklük ondandır uzaq.
Zillət, təkəbbürdən pakdır şücaət,
Süstlük, lovğalıqdan uzaqdır əlbət.
Ədalət o zatın şüarı oldu,
Zülmə qarşı yaxşı rəftarı oldu.
Orta-miyanədir hər yaxşı əxlaq,
İfratla təfritdən olubdur uzaq.
Düz yol miyanədir, gəl onu tanı,
Dərin cəhənnəmdir hər iki yanı.
Nazikdir tük kimi, iti xəncər tək,
Nə gəzmək mümkündür, nə çox əylənmək.
Ədalətin bircə əksi, ziddi var,
Sayda yeddi gəldi bütün təzadlar.
Hər ədəd altında bir sirr gizlənir,
Cəhənnəm qapısı ondan yeddidir.
Necə ki, zülmdən cəhənnəm gəlir,
Behişt ədalətçün daim məskəndir.
Ədlin əvəzinə nur, rəhmət gəldi,
Zülmə görə lənətlə zülmət gəldi.
Gözəllik aşkardır mötədil halda,
Cismin ədaləti olur kamalda.
Mürəkkəb də sanki bircə şey olar,
Tərkibində nə fe’l, nə də fərq bular.
Mahiyyətcə bəsit varlığa oxşar,
Bunla onun üçün peyvənd yaranar.
Bu tərkib halında bir peyvənd deyil,
Cismani vəsfdən ruh uzaqdır, bil.
Suyla torpaq saflıq tapsa sərbəsər,
Haqqdan ona tərtəmiz bir ruh yetər.
Tarazlıq taparsa tərkib hissələr,
Can aləmi ona işıq səpələr.
Təmsil: ruhla bədənin əlaqəsi
Can şüası bədənlə uzlaşanda,
Günəşlə Yer təmsili vardı onda.
Hərçənd gün dördüncü göydə yerləşir,
Şüası yenə də yerə yetişir.
Gündə olmaz ünsür təbiəti, bil,
Ulduz isti, quru, soyuq, tər deyil.
Ünsürlər ondan isti, soyuq alar,
Ağ, qırmızı, yaşıl, sarı, al olar.
Hökmü adil şah kimi rəvan olar,
Nə xaricə, nə daxilə yayılar.
Ünsürlər uzlaşıb tapdı tarazlıq
Hüsnündən nəfsi-natiq oldu aşiq.
Mənəvi nikah bağlandı doğru din,
Külli nəfs cahana verdi kəbin
Onlardan yaranar dildə fəsahət,
Nitqlə elm, əxlaqla camal, əlbət.
Misalsız cahandan məlahət gəldi,
Sanki laübali rindxislət gəldi.
Gözəllik şəhrinə o bayraq taxdı,
Aləmin nizamın dağıdıb yıxdı.
Gah hüsnün atına olar şahsüvar,
Gah nitqilə iti qılınc tək çaxar.
Şəxsdə deyərlər ona məlahət,
Nitqdə söylərlər adın fəsahət.
Vəliylə şah, dərvişlə peyğəmbər,
Hamı onun hökmü altda baş əyər.
Gözəllər hüsnünün içində nə var,
Bu hüsn deyildir, bəs onda nə var?
Haqqdan qeyri gəlməz bu dilrübalıq,
Kimsə şərik olmaz, bu iş xudalıq.
Şəhvət hardan ürəkləri ovlayar,
Ki, haqq hərdən batillə zahir olar.
Haqqı hər bir yerdə təsirli bil, sən!
Ayağı kənara qoyma özündən.
Haqq, haqq libasında haqq din işidir,
Haqq batil içində şeytan işidir.
On birinci sual: Cüzv və küll
Külldən artıq olan o nə cüzvüdür?
O cüzvü axtarmaq yolu nə cürdür?
Vücud cüzv olaraq külldən üstündür,
Ki, küll mövcud, bu isə əksinədir.
Mövcudun zahiri kəsrətdə olur,
Batinisə yalnız vəhdətdə olur.
Külli vücud kəsrətdən oldu zahir,
Vəhdətdə o cüzv olaraq gizlidir.
Küll zahir üzündən çox görünər,
Miqdarca o öz cüzvündən az gələr.
Nə sonda vacib, varlığa cüzv oldu,
Varlıq onu əli altına aldı.
Həqiqətdə küllün vücudu yoxdur,
Həqiqətə nişan tək ərz olubdur.
Külli vücud vahid üçün çox gələr,
Çox kəsrət üzündən belə görünər.
Ərəz varlıq üçün ictimaidir,
Zatında yoxluğa doğru səy edir.
Küll hər bir cüzvlə ondan yox olar,
Küll bircə anda imkandan yox olar.
Cahan külldür, hər bir göz qırpımında,
Yox olar ərəz tək qalmaz zamanda.
Daha yenə peyda olar bir cahan,
Hər an, hər ləhzədə yerlə asiman.
Hər saat cavan köhnələr, qocalar,
Hər an orda cəmlənər, həm dağılar.
İki saat dayanmaz bir şey onda,
Həm ölər, həm dirilər bircə anda.
Lakin böyük qiyamət bu deyildir,
Bu əməl günüdür, o din günüdür.
Ondan buna böyük fərq var, zinhar,
Nadanlıqla özün etmə giriftar.
Nəzər sal icmala və təfsilata,
Bax il-ilə, aya, günlə saata.
Təmsil: Aləmdəki dəyişmələr və böyük qiyamət
Əgər bu mənanı bilmək istəsən,
Səndə də var ölüm-həyat düşünsən.
Dünyada aşağı-yuxarı nə var,
Misalı tənlə canda peyda olar.
Dünya sən tək bir şəxsdir müəyyən
Sən onun canısan, o sənə bədən.
İnsanda bil ki, üç cürə ölüm var,
Biri hər an mahiyyət üzrə olar.
İkinci ölümsə ixtiyaridir,
Üçüncüsü qeyri-ixtiyaridir.
Ölüm ilə həyat olar müqabil,
Üç növ həyat gələr bu da üç mənzil.
İxtiyari ölüm yox cahan içrə,
Bütün aləmdə vardır sənə görə.
Lakin hər bir anda dönər-dəyişər,
Axırda yenə də əvvəl tək gələr.
Həşr zamanında aləmdə nə var,
Səndə can verərkən olar aşkar.
Bədənin yer, başın isə asiman,
Hisslərin ulduzdur, günəş isə can.
Sümüklər dağ kimi möhkəm dayaqdır,
Tüklər bitki, ətraf isə ağacdır.
Öləndə bədənin peşmanlıq çəkər,
Qiyamətdə olan Yer kimi titrər.
Beyin qarışaraq can qara olar,
Hisslərin ulduz tək sönüb qaralar.
Tərdən məsamələr dərya tək olar,
İnsan baş-ayaqsız orda qərq olar.
Canın halsız olar, ey miskin kişi,
Süstlükdən sümüklər rəngli yun kimi.
Dolaşar həm bir-birinə qılçalar,
Bütün cütlər öz tayından ayrılar.
Ruh ki, tamam bədəndən cüda olar,
Sənin yerin dümdüz olub saflanar.
Bu hal, bu minvalla olacaq aləm,
Özündə görərsən bunları o dəm.
Bəqa haqq üçündür, nə varsa fani,
Bəyanı büsbütün «səbül-məsani».
«Hər şey fani» hökmünü bəyan etdi,
«Yenidən xəlq olmağı» əyan etdi.
İki aləm yox oluban yaranar,
Adəm nəfsi tək xəlq olub oyanar.
Həmişə xəlq ilə xilqət yenidir,
Nolsun ki, ömür vaxtı qədimdir.
Haqq-taalanın feyzinin fəzli,
Daim öz şəniylə edər təcəlli.
Yaranma, təkamül olar o yandan,
Hər an dəyişiklik gələr bu yandan.
Lakin keçib gedər dünyanın tövri,
Tamam bəqa tapar axirət yeri.
Hər nəyi görsən, bil, budur zərurət,
İki aləmi var: məna və surət.
İlkin vüsal eynilə ayrılıqdır,
O birisi Allah yanında vardır.
Bəqa vücud üçün bir addır, lakin,
Başqa varlıqlar tək o, oldu sakin.
Məzhərlər münasib olarsa zahir,
Əvvəldə görünər eynilə axır.
Dünyada qüvvə tək bilinən şeylər,
O aləmdə dərhal hərəkət edər.
Qayda: Son qayıdışda (məad) bədən və nəfsin halları
Əvvəl nə hərəkət olarsa səndən,
Qayıdarsan ona bir neçə yöndən.
Hər dəfə nəf olsun, istərsə zərər,
Sənin nəfsində adətə çevrilər.
Hallar xasiyyətə keçsə adətdir,
Meyvəni ətirli edən müddətdir.
Ondan öyrənibdi insan peşələr,
Ondan təşkil edib çox əndişələr.
Bütün sözlər, adət və hərəkətlər,
Aşkar olar nə varsa ruzi-məhşər.
Bədən köynəyindən lüt olsa əgər,
Aydın olar biryolluq eyblə hünər.
Bədənin qalsa da, olmaz küdurət,
Sanki aydın suda görünər surət.
Orda peyda olar könüldəkilər,
Oxu bu ayəni «açılar sirrlər».
Bir daha xas aləmə uyğunlaşar,
Əxlaqın cisim ilə şəxs kimi olar.
Ünsür qüvvəsindən yenə burada,
Üç törəmə varlıq olubdur peyda.
Səndə əxlaq bir aləmdir, adı can,
Gah işıqlı olar, gah da yandıran.
Müəyyənlik götürülər varlıqdan,
Nəzərə yetişməz yüksək, alçaqdan.
Axirət evində ölməz bu bədən
Qəliblə can bir rəng olar bu dəmdən.
Ayaq, baş və gözün sanki ürəkdir,
Zülmətdən saflanan torpaq deməkdir.
Haqqın nuru sənə təcəlli edər,
Gözün onu cəhətsiz uca görər.
İki aləmi bir-birinə vurarsan,
Bilməm necə məstlik dəmi qurarsan.
«Rəbbi şərab verər», düşün nə demək,
Pak nədir, özündən saf təmizlənmək.
Afərin şərbətə, ləzzətlə zövqə,
Afərin dövlətə, heyrətlə şövqə.
Xoş o dəm ki, özsüz olaq büsbütün,
Dərviş kimi haqq ilə mütləq zəngin.
Nə din, nə əql, nə təqva, nə də idrak,
Məstü heyran torpağa düşüb bu pak.
Burda vəznsizdir hur ilə cənnət,
O xəlvətə sığmaz biganə, əlbət.
Üzünü görərək mey içdim ondan,
Bilmirəm nə olar sonra bunlardan.
Hər məstlik yönələr xumara sarı,
Bu fikirdə ürək qan olar, barı.
On ikinci sual: Qədim və sonradan yaradılan aləm (hüdus)
Qədimlə hadisə necə ayrıldı,
Biri aləm, o biri Allah oldu.
Ayrı deyil hadisə ilə qədim,
Varlıqdan qalır o, deyildir daim.
Hər şey odur, bu da Simurğa oxşar,
Haqqdan başqa hər şey quru ad olar.
Yoxluğun varlığı heç mümkün deyil,
Vücud varlıqdandır, əzəli deyil.
Nə o budur, nə də bu o, ey insan,
Bütün müşküllər sənə olar asan.
Dünya işi büsbütün bir gümanda,
Bir nöqtə tək dövr edər hər bir anda.
Get, bir od nöqtəsin dövrə gətir sən,
Onun sürətindən çevrə görərsən.
Biri naçar saya gəlsə, bil ki sən,
Çoxalmaz bu vahid çoxlu ədəddən.
Allahdan savayı hədisi boşla,
Bunu ondan ayırd et öz ağlınla.
Bunda hər şey xəyal, şəkk etmə buna,
Vəhdət ikiliyə yol verməz əsla.
Yoxluq varlıq kimi olub yeganə,
Kəsrət nisbət ilə var olur yenə.
Dərəcə çoxluğu, bu ixtilaflar,
Çoxsifətli imkandan peyda olar.
Hər şeyin varlığı olubdu vahid,
Haqqın birliyinə olubdu şahid.
On üçüncü sual: Zahiri işarələrin mənası
Məna əhli nə istər bu sözlərdən,
Gözlə dodaq üçün hər işarədən.
Nə arar üzlə saç, xətt ilə xalda,
Hər kim qərar tutub məqam və halda.
Hər bir şey ki, bu aləmdə əyandır,
Əksi bu günəşin başqa cahandır.
Dünya sanki saç, xal, xətlə qaşıdır
Ki, hər bir şey öz yerində yaxşıdır.
Təcəlli gah camal, gah da calaldır,
Üz ilə saç bu mənaya misaldır.
Haqq-tala sifəti lütflə qəhrdir,
Gözəldə üzlə saç ondan bəhərdir.
Eşidilən sözlər hisslərlə gələr,
Öncə hisslər üçün mövzu düzələr.
Məna aləminin yox nəhayəti,
Ona necə yetər sözün vüsəti.
Zövqdən peyda olsa əgər mənalar,
Hansı söz təbirlə onu qavrayar.
Ürək əhli təfsir edər mənanı,
Bənzətməylə təbir edər mənanı.
Hisslər o aləmdən kölgə kimidir,
Bu bir uşaq, o bir dayə kimidir.
Mənə görə yozulandır bu sözlər,
O mənaya əvvəlki haldan düşər.
Sözlərə xas hisslər adi hal gələr,
Məna nə olduğun avam nə bilər?
Ağıl dünyasına saldılar nəzər,
Ordan nəql etdilər çox dürlü sözlər.
Tənasübə riayət etdi aqil,
Söz ilə mənaya olundu nazil.
Bütöv bir bənzətmə deyildir mümkün,
Onu axtarmaqdan vaz keçib çəkin.
Bu mənaya kimsə etməz etiraz,
Haqqdan qeyri məzhəb sahibi olmaz.
Ta ki özünləsən, qoru özünü,
Doğru saxla şəriətin sözünü.
Əhli-dilin rüxsətində üç hal var,
Fəna, məstlik, bir də iztirab – bunlar.
Hər kim tanıyırsa bu üç hal nədir,
Bilir ki, sözlə dəlalət necədir.
Səndə vicdan halı yoxdursa əgər,
Nadanlıqdan təqlidlə olma kafər.
Məcazi hal deyildir bu həqiqət,
Hər kəs bilməz nədir sirri-təriqət.
Boş şeylər deməz ki, heç əhli-təhqiq,
Burda kəşf lazım, nəinki təsdiq.
Dedim sözlər ilə məna necədir,
Bağlı saxlansa da, bilərsən nədir.
Mənalarda qayələrə et diqqət,
Lazımi şeylərə olsun riayət.
Bir yandan bununla bənzətmə eylə,
Başqa yandan baxıb fərqlənmə eylə.
Bu qayda biryolluq yerbəyer olar,
Ondan gətirərəm başqa misallar.
https://www.azadliq.org/a/26529431.html