GÖY GÖL
 

Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göy göl!
Yaşıl kərdənbəndi gözəl boynunda,
Əks etmiş dağların camalı Göy göl!
Yayılmış şöhrətin Şərqə, Şimala,
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala,
Bir cavab almamış soralı Göy göl!
Bulunmaz dünyada bənzərin bəlkə,
Zavvarın olmuşdur bir böyük ölkə.
Olaydı gönlümdə bir yaşıl kölgə,
Düşəydi sinənə yaralı, Göy göl!
Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır yıldıza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!
Kəsin eyşi-nüşi, gələnlər susun,
Dumandan yorğanı, döşəyi – yosun.
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göy göl!
Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdır, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı, Göy göl?!
Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar.
Öpər yanağından qurbanlar otlar,
Ayrılıq könlünün qıralı, Göy göl!
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?..
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl!
 
Göy göl, 1925