GƏLMƏ

 
Albərk təkrar Bakıya gələcəkləri
xəbəri çıxdığı vaxt söylənilmişdir.
Ə.Cavad
 
Bu dağlar bənimdir, yeni gün gördü,
Boğar səni ahım, ey duman, gəlmə!
Inanma fələyə, dönükdür üzü,
Bir üzə gülməyir, hər zaman, gəlmə!
Ey yağmursuz bulud, uğursuz kölgə,
Dəyişməm bən “alı”, o çirkin rəngə!
Sevdası könlümdə bir darğın ölkə,
Baxar yad gözlərə pək yaman, gəlmə!
Könüllər bir dəniz, coşdurma onu,
Coşqun könüllərin fırtına sonu!
Sən ey Şimal yeli, gəl etmə bunu!
Yox isə əmrinə uymayan, gəlmə!
Sən ey gözlərimə batan quruntu,
Sağlam bir imana səndən nə qorxu?!
Bəslərsə vicdanlar pək böyük duyğu,
Yenilməz bir qala – hər vicdan, gəlmə!