FÜZULI
 
Üfüqlərdə günəş söndü bir axşam çağı,
Çox uğursuz bir qaranlıq çökdü dünyaya;
Görüncə ki, sönməkdədir sənət ocağı,
O yalvardı, həm sığındı “təbi-vala”ya;
Öz kimsəsiz torpağına baxdı Füzuli,
Bir sönməyən şimşək oldu, çaxdı Füzuli!
Çulğamışkən qonşuları şənlik, əyləncə,
Susmuş idi doğma yurdun söhbəti, sazı...
Ağ saqqallı hər qocaya, sevdalı gəncə
Öyrədənlər çoxalmış “razi-niyaz”ı;
El dərdinin dərmanını buldu Füzuli,
Onunçündür böyük şair oldu Füzuli!
Çəkmək üçün o boşluğa yeni bir pərdə,
Iş qalmışdı bir sevimli, parlaq ulduza.
Elmi ürfan qazanmağa getdiyi yerdə
Əsir oldu, aşiq oldu bir qumral qıza!
Ilhamını o qumraldan aldı Füzuli,
Susmuş elə bir yeni səs saldı Füzuli!
Kömək etdi o coşquna bir gözəl pəri,
Ovutmağa dərdlərini qəm ölkəsində;
Gözəlliyə tapındığı o gündən bəri
Bir başqalıq duyulmaqda onun səsində;
Çox doğrudur, sevdiyindən yandı Füzuli!
Sevdiyindən dərdi də xoş sandı Füzuli!
Dörd yüz ildir tutulmuşdur bir adsız dərdə,
Ummaqdadır yalnız ondan dərdinə çara!
Dörd yüz ildir həmvətənim olan yerlərdə,
Hər bir sevən qəzəl yazar sevgili yara!
Cam içilən əyaqçaya döndü Füzuli!
Şairlərə bir içim mey sundu Füzuli!
 
1925