DOSTUM XANƏNDƏ ƏSGƏRƏ
Bizi məclisdə qoyub
pul dalınca getməsi münasibətilə
Əsgər, sən arifsən, fikrü zikrini,
Nə pula, dövlətə, nə də vara ver.
Dadlı səsindəki nazlı nəşəni
Sədaqətli dosta, gözəl yara ver!
Yığıldıq bir axşam aşina, yoldaş,
Dilxor etdin getdin dağıldıq obaş.
Sənə kim söylədi sənətkar, qardaş,
Nazı bizə, zövqü vartazara ver.
Əvvəl sərraf idin, yenə sərraf ol,
Saxla sifətini, təmiz ol, saf ol.
Ariflərdən sayıl, əhli-insaf ol,
Könlünü şairə, bir də tara ver.
Böylə düşmüş bizim işlər əzəldən,
Dostların zövq alır şerü qəzəldən;
Bizdə badə içdin bir gözəl əldən,
Çətin dərdimizə yetiş, çara ver!
Sən ki, anlayırsan ahı, ahəngi,
Qoşaşdır ahimlə ləhni-sarəngi;
Oynadaram sənə bir ləzgi həngi,
Bizə az kələk gəl, azca qara ver.
Gəncə, 1933, 3 mart