DÖRD ÇƏRŞƏNBƏ
 

 
BIRINCI ÇƏRŞƏNBƏ
 
Açıldı hava,
Qurtardı dava.
Getdi qış,
Gəldi yaz.
Doğdu Günəş,
Bitdi ayaz.
Çölə çıxdı
Qoyun-quzu.
Güldü yenə
Göyün üzü;
Güldü yenə
Yerin üzü.
Düzlər yenə çiçək açdı,
Günəş qovdu, soyuq qaçdı.
Soyuq qarla isti Günəş
Yazda Qışın davasıdır.
Görən deyir:
– Üzə dəyən
Meyxoş meh də
Gözəl Yazın havasıdır!
 
 
IKINCI ÇƏRŞƏNBƏ
 
Bulaqların gözü açıq,
Ormanların üzü açıq;
Durnalardır uçub gələn
Qaqqıldaşa-qaqqıldaşa!
Çaylar axır dəryalara
Şaqqıldaşa, şaqqıldaşa!
Duman qalxır göyə doğru
Meşələrin nəzərindən.
Buzlar düşür parça-parça
Şüşələrin üzərindən.
Puçurlayır yavaş-yavaş
Ağacların budaqları.
Mehdən əsir həzin-həzin
Gül-çiçəyin yarpaqları!
Dərədə sel qıjıldayır,
Şən arılar vızıldayır.
Hər yandan xoş avaz gəlir,
Sular deyir: Yaz.., Yaz gəlir!
 
 
ÜÇÜNCÜ ÇƏRŞƏNBƏ
 
Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi.
Qızıl öküz tərpənir,
Torpaq sanki dillənir:
Çəmənim harda qaldı?
Səmənim harda qaldı?
Getdi qarlı yorğanım,
Getdi çənim, dumanım!
Gəlsin xalı-xalçalar,
Yollar boyu yoncalar.
Qoy bağ olsun, əkin olsun,
Mənim ana qucağım!
Səpin olsun, biçin olsun,
Gülsün hər bir bucağım!..
 
 
DÖRDÜNCÜ ÇƏRŞƏNBƏ
 
Mən oddan yaranmışam,
Oddur südüm, nəfəsim.
Od rənginə boyanmışam,
Oddur gücüm, oddur səsim!
Taxılım da oddur mənim,
Oddur gülüm, çəmənim!
Qaynar sular canımdadır,
Vulkanları qanımdadır!
Ömrüm, günüm odda yaşar,
Meyvələrim oda oxşar.
Odlar mənim hakimimdir,
Mən odların hakimiyəm!
Babam oddur, anam oddur,
Odur ki, mən od kimiyəm!
Odsuz daşa oxşayardım,
Odsuz sonsuz yaşayardım!