! DAĞLAR
Dağıstan xatirəsi
Dərdli sinəndəki əski cığırlar
Insan izlərinə bənzər, a dağlar!
Bu ağır başlıca baxışın mənə
Qanlı əfsanələr söylər, a dağlar!
Oxunmaz olmuşdur daşlarda yazı,
Lal olub qalmışdır aşiqin sazı...
Gedərdi dərdimin bəlkə bir azı
Söylətsəydi səni bir ər, a dağlar!
Sinəndə hesabsız dastan düzülmüş,
Çox ahlar çəkilmiş, gözlər süzülmüş.
Yollarda bir aşiq yaman üzülmüş,
Dərdinə bir dərman istər, a dağlar!
Bir aşiq deyir ki: “Bilməm nədənsə,
Aşarkən karvanlar bir dağı kəsə;
Oxuyurdu qızlar verib səs-səsə,
Uzaqmı sürəcək səfər, a dağlar?!”
Eşitdim əskidən, bilmədim nerdə?
Çöldə bir karvanın qonduğu yerdə
Tutularaq bir qız bir adsız dərdə
Ağlarmış hər axşam, səhər, a dağlar!
Nerdən biləyim ki, çıxarkən yola,
Dedinmi onlara “Uğurlar ola!”
Sən söylə o coşqun türkə, moğola,
Artıq qara günlər yetər, a dağlar!
Mən dinləyim böylə, gəl nişan ver sən,
Altun ordulardan, igid ərlərdən.
Karvanlar qonuğu kölgəliklərdən
Kimlər gəlmiş, keçmiş kimlər, a dağlar?!
Hər keçən millətdən qalmış bir ulus,
Sonra vuruşmalar, qovğalar sonsuz.
Sən istərsən söylə, istər isən sus,
Bilirsən onları əzbər, a dağlar!
Keçərkən igidlər Kürdən, Arasdan,
Çıxardı sinəndə qılınclar pasdan;
Indi mən anlamam duyduğum yasdan
Çoxmudur onlardan əsər, a dağlar!?
Gördün çarpışırkən soylar, oymaqlar,
Oynardı göylərdə qanlı mizraqlar.
Sahibi qovğada ölmüş qısraqlar
Gördünmü nə yanıq kişnər, a dağlar?!
Qulaq verən bilir əski dastana,
Igidlər saldırıb hərə bir yana;
Boyandıqca hər il qarların qana
Nə canlar getmişdir hədər, a dağlar!
Keçiyorkən coşqun Elxan ordusu,
Duydumu ürəyin ölüm qorxusu?
Əyilməmiş başın, sözün doürusu,
Əyilən yaşamaz, ölər, a dağlar!
Altun mədənimi bu yoxsul ölkə?
Nəyin saldırmışdır ərəbi türkə?
Yerli igidlərin səsidir bəlkə?
Qalmışdır qoynunda gurlar, a dağlar!
Keçənlər sayğısız Samur çayını,
Igidlər əlindən aldı payını.
Ölənin, qalanın bilməm sayını,
Bəlkə sən verirsən xəbər, a dağlar!
“Qaf” deyə anarmış səni hər bəndə,
Sınarmış gücünü igidlər səndə;
Yetişmiş olsaydım o gün Dərbəndə
Bilərdim kimdədir hünər, a dağlar!
Pozulmuş qalalar, tökülmüş qanlar,
Yalçın qayalardan düşmüş insanlar;
Məzar daşlarında əski dastanlar,
Sən varkən şahidi neylər, a dağlar?!
Sabutay adında bir komandanı,
Göndərmişdi Qərbə göylər Xaqanı.
Igid əllərdəki moğol fərmanı,
Gördünmü nə qollar bükər, a dağlar!
Iranın arslanı, Türkün hilalı,
Ürkütdu göyündə uçan qartalı.
Qanlı qarlar sənə düşmən çıxalı,
Görmədim üzünü gülər, a dağlar!
Bir gün gəldi, oldu imanın kamil,
Ki, qurtarır səni qəhrəman Şamil!
Fələk dedikləri sən deyən deyil,
Namərdlər dost yolu kəsər, a dağlar!
O zamandan sənin dərdlidir başın,
Ağlar görünürdü torpağın, daşın;
O dərdli günlərdə yoxdu yoldaşın,
Yalqızlıq ən böyük kədər, a dağlar!
Bu yaxın günlərdə qopdu bir tufan,
Devrildi ahınla qurulmuş divan!
Ən dar günündə də kim idi qoşan,
Kim idi sinəsi sipər, a dağlar?!
Gördüm qoynunda var yalqız məzarlar,
Nədir bu qəriblik, onlarda ki var?
Qərib türk üçünmü daşların ağlar,
Durmaz, göz yaşını tökər, a dağlar!
Titrək əllərilə ixtiyar ləzgi,
Bir misal söylədi, dedim: pək əski;
Yenisi başlandı, fəqət bitməz ki,
Nədir bu bitməyən cövhər, a dağlar?!
Nədir o qaynayan qəm baxışında,
Köylü qızlarının çatıq qaşında?
Bu darğınlıq nədir bu gənc yaşında?
Aç dərdli qəlbini, göstər, a dağlar!
1920, 1 aprel,
“Qurtuluş” jurnalı