DÜNYADA

Qafil dilim, bu nə yoldu tutubsan?
Sərf edirsən nə kamaldı dünyada.
Dövlətə güvənib, gül tək açılma,
Çoḫ sənin tək güllər soldu dünyada!

Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı.
Yüz sənin tək ahu gəzən şahmarı,
Fələk kəməndinə saldı dünyada!

Guşumda sırgadı, sinəmde dağdı,
Ağıllı unutmaz, necə ki sağdı:
Dövlətdən qismədin beş arşın ağdı,
Çəkdiyin qovgadı, qaldı dünyada!

Fələk bərhəm edib çoḫ nizamları,
Söndürüb zülm ilə yanan şamları.
Hayıf cavanların gül əndamları,
Mara, mura qismət oldu dünyada!

Yığılar məḫluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıq Ələsgər!
Özün getdin, sözün qaldı dünyada!..