BOZ AY

 
Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır.
Günəş çıxır, tez də batır
Yazla-qışın arasında.
Hava meyxoş, hava sərin,
Qışla-Yazın arasında.
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır.
Günəş doğur, bəs Günəşin,
O istisi harda qalıb?
O həniri, hərarəti,
Yoxsa ondan qışmı alıb?
Soyuq, şaxta Yerə hopub
Işləmişdir iliyinə.
Şehlər dönüb qrov olub,
Səpələnib Yer üzünə!
Qar da, buz da yağış təkin,
Çisək təkin tez-tez yağır.
Qarı Nənə ətəyini
Bulud kimi tez-tez sıxır.
Qara bulud durulaşır,
Pambıq kimi dümağ olur.
Qara yağış – Ağ yağışa,
Yağa-yağa urcah olur.
Quşlar damı hasarından
Yuvasını sökür daha.
Aüacların kəlləsində
Yeni yuva tikir daha.
Qonur köhnə ovlağına,
Sanki çıxır yaylağına.
Hamı Yaza hazırlaşır,
Sığırçınlar qaqqıldaşır.
Durna köçü səmt götürür.
Karvan çəkib köhnə yurda!
Bülbüllər də tez-tez ötür
O qoruqda, bu qoruqda.
Boz Ay dönüb qızardıqca
Boz bülbüllər sarı olur.
Ilk çiçəyi qoxlayan da
Bal toplayan arı olur!
Boz Ay Qışı sıxışdırır,
Yaza yeni yollar açır!
Qışdan sonra gələn Yaza
Çöllər geniş qollar açır.
Xonça tutub el-obalar,
Sanki Yazı izləyirmiş.
Düzlər boyu xalı sərmiş,
Sanki gəlin gözləyirmiş!
 
Quba-Qusar, 1920-1921