Bir səhər piri-muğani çün ziyarət eylədim,
Ayağında baş qodum1, çox-çox ibadət eylədim.
Bir əcəb rətli-giran sundu əlümə piri-məst,
Aldım içdim, canü dil mülkün imarət eylədim.
Çün məni məst eylədi ol rətlilə piri-muğan,
Mən dəxi mütriblə saqiyə işarət eylədim.
Mütriba, rast gu nəvadə çün düzətdir çəngini,
Akifi-meyxanəyə çünkim bəşarət eylədim.
Cəm olub kaşanə içrə, nuş qıldıq cami-mey,
Sayiqi-məhruyi gördüm, çox şətarət eylədim.
Canü könlü, əqlü dini cümlə verdim saqiyə,
Şol ziyangər sofiyə sankim xəsarət eylədim.
Pürgüşayiş olduğumu gördü, der: ey binəva,
Çox sevinmə, cismü cani yoxsa qarət eylədim.
Eşidüb pirün sözün, içtüm hüzuri-qəlb ilə,
Cümlə isqati-səlatimə kəfarət eylədim.
Bir zaman çün sakini-meyxanə oldum pır ilə,
Nəfsi-şum əyyamını xeyli həqarət eylədim.
Pirimün bir cürəsinə satmam iki kövni mən,
Ey Həbibi, key bilürsən xoş ticarət eylədim.
1 Baş qoydum
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır